Yarışın Təsviri
Bu yarışın məqsədi velosiped və skuter icarə xidməti təqdim edən Apar platformasında istifadəçilərin gediş sonunda yazdıqları çoxdilli rəyləri avtomatik olaraq müvafiq şöbələr üzrə yönləndirə bilən təsnifat modellərinin qurulmasıdır. Təqdim olunan dataset daxilindəki mətnlər əsasən Azərbaycan, rus və ingilis dillərinin qarışığında yazılmışdır.
Sizin vəzifəniz süni intellekt, maşın öyrənməsi və ya digər metodlardan istifadə etməklə feedback və uyğun olarsa, tag məlumatlarını analiz etmək, istifadəçi problemlərinin operativ müəyyən edilməsi və velosipedlərin təmir proseslərinin optimallaşdırılması üçün hər bir rəy üçün müvafiq şöbə etiketini (label) düzgün proqnozlaşdırmaqdır.
Yarışın Ev Sahibi Haqında
Apar — Azərbaycanda velosiped və skuter icarə xidməti təqdim edən, mobil tətbiq vasitəsilə istifadəçilərə şəhərdə daha rahat, aktiv və sərfəli hərəkət imkanı yaradan mikromobillik platformasıdır. Apar gündəlik nəqliyyata alternativ həll təqdim etməklə yanaşı, mikromobillik mədəniyyətinin inkişafına, ekoloji nəqliyyatın təşviqinə və daha sağlam həyat tərzinin formalaşmasına dəstək verir. Şirkətin əsas hədəfi aktiv hərəkət mədəniyyətini geniş auditoriyaya tanıtmaq və şəhər ekosistemində mikromobilliyə olan marağı artırmaqdır.
Qiymətləndirmə
Təqdim edilən həllərin qiymətləndirilməsi Macro F1-Score metriki əsasında aparılacaqdır.
Mükafatlar
Yarışın ümumi pul mükafatı 6000 AZN təşkil edir və aşağıdakı qaydada qaliblər arasında bölünür:
- 🥇 1-ci yer: 3000 AZN + 1 illik Apar abunəliyi
- 🥈 2-ci yer: 2000 AZN + 3 aylıq Apar abunəliyi
- 🥉 3-cü yer: 1000 AZN + 3 aylıq Apar abunəliyi
Vaxt İntervalı
- Yarışın Başlaması: 02.07.2026, saat 18:00 (GMT+4)
- Yarışın Bitməsi: 23.07.2026, saat 23:59 (GMT+4)
- Nəticələrin Elanı: 24.07.2026, saat 23:59 (GMT+4)
- Rəsmi Qaliblərin Elanı: Mexaniki yoxlama və kod baxışı prosesindən sonra, rəsmi qaliblər növbəti 2 həftə ərzində elan ediləcəkdir.
Lisenziya və Dataset İstifadə Qaydaları
Bu yarış çərçivəsində təqdim olunan dataset MSİM və Yarışın Ev Sahibi (Apar) şirkətinin müstəsna mülkiyyətidir. "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" və "Fərdi məlumatlar haqqında" AR Qanunlarına əsasən:
- Datasetdən yalnız bu yarışda iştirak məqsədilə istifadə edilə bilər.
- Datasetin yarış xaricindəki hər hansı şəxslərlə paylaşılması, kopyalanması, yayılması və ya hər hansı kommersiya məqsədilə monetizasiya olunması qəti qadağandır.
- Datasetin Kaggle, GitHub, Hugging Face və ya digər ictimai platformalara yüklənməsi qadağandır.
- Yarış bitdikdən sonra və ya MSİM-in ilk tələbi ilə iştirakçı datasetin bütün surətlərini (lokal, bulud və digər saxlama yerlərindən) tamamilə silməlidir. Qaydaların pozulması daimi bloklanma, mükafatın itirilməsi və AR qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb ola bilər.